Varşava Azərbaycan Evində Novruz bayramı qeyd olunub
Polşanın paytaxtı Varşavada fəaliyyət göstərən Azərbaycan Evində xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz münasibətilə bayram tədbiri keçirilib.
Tədbir diaspor fəalı Lamiya Nağıyevanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Xanımların və uşaqların iştirakı ilə keçirilən görüşdə Novruz bayramının zəngin milli adət-ənənələri nümayiş etdirilib, müxtəlif milli oyunlar oynanılıb və ənənəvi bayram süfrəsi təşkil olunub.
Səmimi və mehriban atmosferdə keçirilən tədbir iştirakçılara milli mədəniyyətimizi birlikdə yaşatmaq və bayram sevincini bölüşmək imkanı yaradıb. Xüsusilə uşaqların belə tədbirlərdə iştirakı onların Azərbaycan xalqının mədəni irsi, milli dəyərləri və bayram ənənələri ilə yaxından tanış olması baxımından mühüm əhəmiyyət daşıyır.
Polşa Azərbaycanlıları Şurası (Wspólnota Azerbejdżańska w Polsce) olaraq xaricdə yaşayan soydaşlarımız arasında milli-mədəni əlaqələrin gücləndirilməsini, Azərbaycan adət-ənənələrinin qorunmasını və gələcək nəsillərə ötürülməsini fəaliyyətimizin əsas istiqamətlərindən biri hesab edirik.
Bu cür təşəbbüslər Polşadakı Azərbaycan icmasının birliyinin möhkəmlənməsinə və milli kimliyimizin yaşadılmasına mühüm töhfə verir.
Bütün soydaşlarımızı Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik!
Tədbirdən görüntülər: Instagram paylaşımı




















