Varşavada “Azərbaycan-Polşa nağılları” adlı kitabın təqdimatı olub

Polşa-Azərbaycan dostluq münasibətlərinin inkişafına töhfə olaraq “Azərbaycan-Polşa nağılları” adlı kitab nəşr edilib. Kitab Polşa-Azərbaycan dostluq əlaqələrinin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyinə həsr olunan “Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsi çərçivəsində çap edilib. Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihənin Azərbaycanda tərəfdaşı “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyidir.

Kitabda Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyi münasibətilə 30 nağıl toplanıb. Belə ki, 15 Azərbaycan nağılı polyak dilinə, 15 Polşa nağılı isə Azərbaycan dilinə tərcümə edilib. “Apostrof-A” nəşriyyatında çap olunan kitabın tərcüməçisi Vrotslav Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru İlahə Kərimovadır.

Kitab Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tərəfindən Polşanın 20-ə yaxın dövlət kitabxanasına hədiyyə olaraq paylanılıb. Həmçinin kitab Azərbaycan diasporu adından Polşada uşaq evlərinə, məktəblərə və uşaq bağçalarına da ödənişsiz şəkildə təqdim edilib.

Xatırladaq ki, 4 noyabr 2022-ci ildə Varşava şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla keçirilən görüş zamanı “Azərbaycan-Polşa Nağılları” adlı kitabının təqdimatı olub. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli ilk kitabı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova hədiyyə edib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *