Xəbər verildiyi kimi, 2024-cü il 1 və 7 avqust tarixləri aralığında vətənimizin ən gözəl guşələrindən biri olan Laçın şəhərində təşkil olunmuş “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinə həsr olunmuş tədbir baş tutmuşdur. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Laçında təşkil olunmuş bu möhtəşəm tədbirdə 60 ölkədən 115 gənc həmvətənimiz iştirak etmişdir.
Bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə həmsöhbət olmaq eləcə də əslən Laçından olan və dünyanın müxtəlif ölkələrində yaşayan laçınlıların təəssüratları, yaşadıqları kövrək və duyğusal anlara şahid olmaq ölkəmizin hüdudlarından kənarda yaşayan gənc soydaşlarımızın maraqlı, qürurlu eyni zamanda həyəcanlı vaxt keçirməsinə səbəb oldu.
Düşərgədə gənc soydaşlarımızın müxtəlif sahələr üzrə ekspertlər ilə görüş, maraqlı panel və seminarlarda iştirak etmək, əylənmək və intellektual oyunlar oynamaq imkanları da olmuşdur. Ekskursiya xarakterli “İslimi” xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, Həkəri Balıq Təsərrüfatına, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşaya və Qarabağın bir sıra digər şəhərlərinə səfərlər çox yüksək səviyyədə təşkil olunmuşdur. Həmçinin düşərgə iştirakçılarının gənc soydaşımız, kosmonavt Tuva Cihangir Atasevər ilə, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova Tohidi ilə görüşü baş tutmuş, daha sonra isə Şuşa, Xocalı, Xankəndi və Əsgərən qalasının ziyarət edilməsi həyata keçirilmişdir.
Belə düşərgələr xaricdə yaşayan, təhsil alan yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını möhkəmləndirmək, Azərbaycanı yaşadıqları ölkədə təmsil etmək bacarıqlarını inkişaf etdirmək və yeni dostlar qazanmaq üçün gözəl fürsətlər yaradır. Polşa Azərbaycanlıları Şurası da düşərgədə iştirak edib. Belə ki, PAŞ-ın Varşava üzrə kordinatoru Tuncay Novruzzadə, eləcə də PAŞ-ın iki üzvü Haldun Məmmədli və Anar Abdulov adlı gənc soydaşlarımız Polşa Azərbaycan diasporunu və Polşada yaşayan gənclərimizi düşərgədə təmsil ediblər.
“Bu cür düşərgələrin təşkili Azərbaycandan xaricdə yaşayan həmvətənlərimizin birliyi, gənc nəsil Azərbaycanlıların sıx və qarşılıqlı münasibətlər qurması, ümumi Azərbaycan Diasporunun geniş-miqyaslı inkşafı və effektiv şəkildə birgə fəaliyyət göstərməsində təqdirəlayiq və əvəzolunmaz yer tutur.
Gənclərimizə yaradılan imkanlara, göstərilən diqqət və qayğıya görə Diasporla İş üzrə Dövlət Komitəsinə dərin təşəkkürlərimizi bildiririk”, deyə PAŞ-dan bildirilib.





