Bu gün Polşada Azərbaycanlıları Şurasının rəhbəriyi Avropa Konqresinin Polşada keçirilən 10-cu Yerli Hakimiyyət Qurumları Forumunda iştirak edib. Bu haqda PAŞ-dan məlumat verilib. “Forumda 39 ölkədən 500-dən çox qonaq iştirak edirdi. Tədbir çərçivəsində onlarla plenar sessiya və yan tədbirlər təşkil olundu. Miqrasiya, turizm, yaşıl enerji və digər innovativ mövzuları əhatə edən müzakirələrlə yanaşı, musiqi və incəsənət sahələrinə həsr olunmuş xüsusi sessiyala da keçirildi.
Polşa Azərbaycanlıları Şurası (PAŞ) olaraq biz, xüsusilə Polşada yaşayan əcnəbilərlə bağlı məsələləri əhatə edən aşağıdakı panellərdə iştirak etdik:
– QHT-lərin Polşa Təhlükəsizliyindəki Rolu
– Vətəndaş Cəmiyyəti və Yerli Hökumət
– Miqrantların və Məcburi Köçkünlərin Yerli Cəmiyyətə Təsiri
Panellərdə Polşa yüksək dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, yerli idarəetmə orqanlarının təmsilçiləri və vətəndaş cəmiyyəti fəalları iştirak edirdi.
“Miqrantların və Məcburi Köçkünlərin Yerli Cəmiyyətə Təsiri” panelində mühüm məsələlər müzakirə olundu. Panelin spikerləri arasında Polşa Respublikası Seym Deputatı Franciszek Sterczewski, Przemysl şəhərinin meri Wojciech Bakun və Ukrayna Fondunun prezidenti Myroslava Keryk yer alırdı. Müzakirələrdə miqrantların Polşa cəmiyyətinə inteqrasiyası, sosial adaptasiya prosesləri və bu sahədə həyata keçirilən fəaliyyətlərin təsiri geniş şəkildə təhlil olundu. Eyni zamanda, qarşılıqlı əməkdaşlıq və sosial inteqrasiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı bir sıra vacib təkliflər irəli sürüldü.
Bundan əlavə, forum çərçivəsində musiqi və incəsənətlə bağlı xüsusi sessiyalarda da iştirak etdik. Bu sessiyalarda mədəni diplomatiyanın rolu, incəsənətin müxtəlif icmalar arasında ünsiyyəti gücləndirməsi və multikultural mühitin inkişafına töhfələri kimi mövzular müzakirə edildi.
Polşada getdikcə daha da güclənən Azərbaycan icması olaraq, bu forum çərçivəsində Polşa cəmiyyəti ilə əlaqələrin inkişaf etdirilməsi, mədəni və ictimai sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində əhəmiyyətli müzakirələr apardıq. Polşa Azərbaycanlıları Şurası olaraq yaxın gələcəkdə bu sahədə bir sıra effektiv layihələri ictimaiyyətə təqdim etməyi planlaşdırırıq.
Bu forumda iştirak etməyimiz beynəlxalq miqyasda fikir mübadiləsi aparmaq və Polşada yaşayan əcnəbilər üçün mühüm məsələlərin müzakirəsinə töhfə vermək baxımından əhəmiyyətli bir imkan oldu”,-deyə məlumatda bildirilib.
