26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərində Polşa Milli Ordusunun azərbaycanlı polkovniki Vəli Bəy Yadigar və Azərbaycan Milli Ordusunun generalı Maçey Sulkeviçin xatirəsinə ucadılmış abidənin qarşısında səfirliyimiz tərəfindən təşkil olunmuş tədbir keçirilmişdir. Bu haqda Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli özünün sosial şəbəkə profilində paylaşım edib.
“Tədbirdə Polşa Parlamentinin nümayəndələri, Varşava şəhərinin “Praga Południe” inzibati rayonunun meri, Polşadakı səfirliyimizin əməkdaşları, Polşadakı Azərbaycan diaspor nümayəndələri, digər avropa ölkələrindən gəlmiş qonaqlar həmçinin yerli sakinlər də iştirak etmişdir.
Biz də PAŞ olaraq qonaq qismində tədbirdə iştirak etdik. Tədbirin sonunda Varşava şəhərinin hərbi qarnizonunun əsgərləri tərəfindən hərbi marş səsləndirilmiş, və qonaqlar tərəfindən gətirilən gül çələngləri Polyak əsgərlər tərəfindən abidə qarşısına hərbi mərasim vasitəsilə qoyulmuşdur.
Qürur və fəxarət hissi ilə Müzəffər Azərbaycan Ordusunun hər bir əməkdaşına, hər bir üzvünə dərin minnətdarlığımızı bildirir, qazilərimizin qarşısında baş əyir, şəhidlərimizin ruhunu yad edirik! Allah şəhidlərimizə rəhmət etsin! Ruhları şad olsun! Yaşasın Azərbaycan! Bayramınız mübarək!”,- deyə Fərid Cəfərli bildirib.