Varşava Universitetində keçirilən “Cultural Hotspot” adlı tədbirdə soydaşlarımız vətənimizi təmsil ediblər

Varşava Universitetində xarici tələbələr arasında keçirilən “Cultural Hotspot” adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər. Tədbirdə 20-dən çox ölkədən olan tələbələr öz ölkələrinin milli mətbəx, musiqi, geyimlər bir sözlə milli mədəniyyət nümunələrini nümayiş etdirdilər.

Bu barədə Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli məlumat verib.

Məlumatda qeyd olunur ki, əvvəlki illərdə olduğu kimi, bu il də tələbələrimiz ölkəmizi layiqincə təmsil edib, izləyicilərin müsbət fikirlərini alıblar:

– İzləyicilərdən gələn çoxsaylı müsbət rəylər, “bizim guşənin digərlərindən daha dolu və rəngarəng görünməsi” yönündə olan fikirlər bizləri qürurlandırdı. Bunun üçün Nabat Allahverdiyeva, Cavidan Quliyev və Dilşad Həsənova adlı tələbələrimizə dərin təşəkkürlərimizi bildiririk. Bizim üçün ayrılan guşədə, Azərbaycan mətbəxi özünəməxsus 3 növ fərqli şirniyyat növü, 4 növ fərqli yemək növü, yerli nar suyu və Azərbaycan çayı və s. ilə tədbirin iştirakçı ölkələri arasında ən zəngin təmsil olunan mətbəxlərdən biri oldu.

Həmçinin Polşa Azərbaycanlıları Şurası tərəfindən təmin edilən milli atributlar, qadın və kişi üçün milli geyimlər, foto albomlar, toxunma xalça və çanta nümunələri izləyicilərin böyük marağını cəlb etdi. Əlavə olaraq PAŞ-ın Mədəniyyət Mərkəzinin rəhbəri Fərid Abdullayevin gitara ilə ifasında “Sarı gəlin” və bir neçə digər milli musiqilərimiz də təqdim edildi.

Bizi milli yeməklərimizlə təmin edən Azerbaijan Kitchen, Caspi Sweets, Kuchnia Pani Domu və Vafa Şefə təşəkkür edir, tədbirin təşkilatçılığında başdan sona qədər tələbələrimizin yanında olan Polşa Azərbaycanlıları Şurasının İdarə Heyəti üzvləri Şamo Qubadov və Tuncay Novruzzadəyə dərin minnətdarlığımızı bildiririk.

Polşa Azərbaycan Diasporu olaraq bundan sonrakı tədbirlərdə də hər bir soydaşımızın yanında olmaq bizim ən birinci hədəflərimizdən biridir. Həmvətənlərimiz arasında ildən-ilə artan birlik və bərabərlik hissləri bizi həqiqətən qürurlandırır və işimizi yüksək həvəslə görməyimizə təkan verir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *