Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradovun Polşa Respublikasına səfəri çərçivəsində Varşavada yerləşən Azərbaycan Evində Polşada yaşayan soydaşlarımızla görüş və Polşa Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Fuad İsgəndərov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov, Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli, Xalq artisti Faiq Sücəddinov, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Səfirliyinin əməkdaşları, diaspor təşkilatlarının rəhbərləri, ictimai fəallar və Polşada yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan görüşdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də 7 noyabr 2026-cı il tarixində Polşanın Krakov şəhərində baş vermiş faciəvi silahlı hücum nəticəsində həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Varşavada Diasporla İş üzrə Dövlət Komitəsi və Wspólnota Azerbejdżańska w Polsce təşkilatının birgə təşkilatçılığı ilə genişmiqyaslı bayram tədbirinin keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Krakov şəhərində baş vermiş faciə ilə əlaqədar Polşa xalqına ehtiram və həmrəylik əlaməti olaraq tədbirin ləğv edilməsi barədə qərar qəbul olunub. Polşadakı Azərbaycan icması faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, yaralananlara şəfa diləyib.
Görüş zamanı Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri cənab Fuad İsgəndərov çıxış edərək 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının birlik və həmrəyliyindən, eləcə də Polşada yaşayan soydaşlarımızın iki ölkə arasında dostluq münasibətlərinin inkişafındakı rolundan danışıb.
Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov çıxışında soydaşlarımızı Zəfər Günü münasibətilə təbrik edərək Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi birlik və həmrəylikdən, tarixi Qələbəmizin əhəmiyyətindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığından bəhs edib.
Komitə sədri xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunması, diaspor təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, gənclərin diaspor fəaliyyətinə cəlb olunması və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələr, xaricdəki Azərbaycan icmalarına göstərilən dəstək və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Görüş çərçivəsində Polşa Azərbaycanlıları Koordinasiya Şurasının əvvəlki koordinatorları tərəfindən son üç il ərzində həyata keçirilmiş fəaliyyətlərə dair hesabat təqdim olunub. Hesabatda Polşada Azərbaycan mədəniyyətinin, tarixinin və milli dəyərlərinin təbliği, soydaşlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsi, gənclərin və tələbələrin dəstəklənməsi, eləcə də müxtəlif ictimai və mədəni layihələrin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Hesabat zamanı ötən dövr ərzində təşkil olunmuş milli bayram tədbirləri, anım mərasimləri, mədəniyyət proqramları, maarifləndirici seminarlar, təhsil və karyera təşəbbüsləri, hüquqi dəstək layihələri və beynəlxalq tədbirlərdə iştirak kimi fəaliyyət istiqamətlərinə toxunulub. Bununla yanaşı, diaspor təşkilatlarının Polşa ictimaiyyəti, yerli qurumlar və digər icmalarla əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb.
Toplantının mühüm məqamlarından biri Polşa Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatorunun seçilməsi olub. Keçirilən seçkilərin nəticəsinə əsasən, Wspólnota Azerbejdżańska w Polsce (Polşa Azərbaycanlıları İcması) təşkilatının İdarə Heyətinin üzvü Şamo Qubadov Polşa Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçilib.
Qeyd edək ki, Şamo Qubadov dörd ildən artıqdır Polşada fəal diaspor fəaliyyəti ilə məşğuldur. Bu müddət ərzində Azərbaycan mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Polşada tanıdılması, soydaşlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsi istiqamətində həyata keçirilən onlarla irimiqyaslı layihənin, eləcə də yüzlərlə digər diaspor təşəbbüsünün birbaşa planlaşdırılması, təşkili və icrasında iştirak edib.
Onun fəaliyyəti milli-mədəni tədbirlərin təşkili, gənclərin və tələbələrin dəstəklənməsi, maarifləndirici layihələrin həyata keçirilməsi, beynəlxalq tədbirlərdə Azərbaycan icmasının təmsil olunması və yerli təşkilatlarla əməkdaşlıq əlaqələrinin inkişafı kimi müxtəlif istiqamətləri əhatə edir.
Yeni koordinatorun seçilməsi ilə Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin daha da möhkəmləndirilməsi, müxtəlif şəhərlərdə yaşayan soydaşlarımızın ortaq təşəbbüslər ətrafında birləşdirilməsi, gənclərin diaspor fəaliyyətində iştirakının genişləndirilməsi və Azərbaycan–Polşa ictimai-mədəni əlaqələrinin inkişafına töhfə verən yeni layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.
Görüşün davamında icma nümayəndələri ilə açıq fikir mübadiləsi aparılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov və Azərbaycan Respublikasının Polşadakı səfiri cənab Fuad İsgəndərov soydaşlarımızın suallarını cavablandırıb, onların təklif və müraciətlərini dinləyiblər. Müzakirələr zamanı Polşada yaşayan azərbaycanlıların qarşılaşdıqları məsələlər, icma fəaliyyətinin genişləndirilməsi, gənclərin ictimai təşəbbüslərdə iştirakı və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Səmimi və qarşılıqlı dialoq şəraitində keçən görüş Polşadakı Azərbaycan diasporunun mövcud fəaliyyətinin qiymətləndirilməsi, qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi və soydaşlarımız arasında birlik və həmrəyliyin daha da gücləndirilməsi baxımından əhəmiyyətli olub.
Wspólnota Azerbejdżańska w Polsce olaraq Polşadakı Azərbaycan icmasının inkişafına göstərilən diqqət və dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, Azərbaycan Respublikasının Polşadakı Səfirliyinə, eləcə də görüşdə iştirak edən bütün diaspor fəallarına və soydaşlarımıza təşəkkürümüzü bildiririk.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, mədəni irsimizin Polşada tanıdılması, soydaşlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi və Azərbaycan–Polşa dostluq münasibətlərinin inkişafı istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.



























