Polşa Azərbaycanlıları Şurası ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında fəal iştirak edib

5–15 oktyabr 2026-cı il tarixlərində Polşanın paytaxtı Varşavada təşkil olunan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Varşava İnsan Ölçüsü Konfransında Polşa Azərbaycanlıları Şurasının (Wspólnota Azerbejdżańska w Polsce) nümayəndələri fəal şəkildə iştirak ediblər.

Beynəlxalq konfrans çərçivəsində təşkilatımızın nümayəndələri 3 plenar sessiyada və 4 yan panel müzakirəsində iştirak edərək insan hüquqları, demokratik iştirak, diaspor təşkilatlarının cəmiyyət həyatındakı rolu, icmalararası dialoq və sülhün təşviqi kimi mühüm mövzularda mövqelərini ifadə ediblər.

Çıxışlar zamanı diaspor təşkilatlarının beynəlxalq dialoqda iştirakı, müxtəlif icmalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və vətəndaş cəmiyyətinin sülh proseslərinə töhfəsi məsələlərinə xüsusi diqqət yetirilib.

Polşa Azərbaycanlıları Şurasının nümayəndələri çıxışlarında Azərbaycan dövlətinin və xalqının mövqeyinin beynəlxalq platformalarda ifadə olunmasının, eləcə də Polşada yaşayan Azərbaycan diasporunun səsinin daha geniş beynəlxalq auditoriyalara çatdırılmasının əhəmiyyətini vurğulayıblar.

Konfransda iştirak təşkilatımıza beynəlxalq müzakirələrə qoşulmaq, diaspor icmasının mövqeyini təqdim etmək və müxtəlif ölkələrdən olan vətəndaş cəmiyyəti nümayəndələri ilə fikir mübadiləsi aparmaq imkanı yaradıb.

Polşa Azərbaycanlıları Şurası olaraq beynəlxalq platformalarda fəal təmsilçiliyi, Azərbaycan diasporunun maraqlarının ifadə edilməsini və icmalararası konstruktiv dialoqun inkişaf etdirilməsini fəaliyyətimizin mühüm istiqamətlərindən biri hesab edirik.

Bundan sonra da Azərbaycan diasporunun beynəlxalq səviyyədə təmsil olunması, milli maraqlarımızın müdafiəsi və sülhün təşviqi istiqamətində fəaliyyətimizi daha da genişləndirməyi hədəfləyirik.

Konfransdan görüntülər: Instagram paylaşımı