Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradovun Polşaya səfəri çərçivəsində Varşavada keçirilən Polşa Azərbaycanlıları Koordinasiya Şurasının toplantısında yeni koordinator seçkiləri baş tutub. Seçkilərin nəticəsinə əsasən, Wspólnota Azerbejdżańska w Polsce (Polşa Azərbaycanlıları Şurası) təşkilatının İdarə Heyətinin üzvü Şamo Qubadov Polşa Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçilib.
Varşavada yerləşən Azərbaycan Evində keçirilən toplantıda Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Fuad İsgəndərov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov, Varşava Azərbaycan evi rəhbəri Fərid Cəfərli, Polşa Azərbaycanlıları Şurası idarə heyəti, Komitə və Səfirliyin əməkdaşları, diaspor təşkilatlarının rəhbərləri, ictimai fəallar və Polşada yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Toplantı zamanı Polşa Azərbaycanlıları Koordinasiya Şurasının əvvəlki koordinatorları tərəfindən son üç il ərzində həyata keçirilmiş fəaliyyətlərə dair hesabat təqdim olunub, diaspor təşkilatlarının gördüyü işlər, əldə olunan nəticələr və gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.
Görüş çərçivəsində keçirilən seçkilərin nəticəsinə əsasən, Wspólnota Azerbejdżańska w Polsce təşkilatının İdarə Heyətinin üzvü Şamo Qubadov Polşa Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçilib.
Şamo Qubadov artıq dörd ildən çoxdur ki, Polşada fəal diaspor fəaliyyəti ilə məşğuldur. Bu müddət ərzində Azərbaycan mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Polşa ictimaiyyətinə tanıdılması, soydaşlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsi, Azərbaycan icmasının təşkilatlanması və iki ölkə arasında ictimai-mədəni əlaqələrin inkişafı istiqamətində çoxsaylı layihələrin həyata keçirilməsində fəal iştirak edib.
O, diaspor fəaliyyəti dövründə onlarla irimiqyaslı layihənin, eləcə də yüzlərlə digər diaspor təşəbbüsünün birbaşa planlaşdırılması, təşkili və icrasında iştirak etmişdir. Bu layihələr Azərbaycan mədəniyyətinin təbliği, milli bayramların və tarixi günlərin qeyd olunması, gənclərin və tələbələrin dəstəklənməsi, maarifləndirici proqramların təşkili, beynəlxalq platformalarda təmsilçilik və icmalararası əməkdaşlıq kimi müxtəlif istiqamətləri əhatə edib.
Şamo Qubadovun iştirakı ilə həyata keçirilən fəaliyyətlər sırasında Xocalı Soyqırımı anım tədbirləri, Novruz bayramı, Müstəqillik Günü, Zəfər Günü, və digər əlamətdar tarixlərə həsr olunmuş mədəni-kütləvi tədbirlər, Azərbaycan incəsənətinin Polşada tanıdılması məqsədilə təşkil olunan konsert və mədəniyyət proqramları, eləcə də milli tariximizin və mədəni irsimizin təbliğinə yönəlmiş təşəbbüslər xüsusi yer tutur.
Bununla yanaşı, o, Polşada yaşayan azərbaycanlı gənclərin və tələbələrin təhsil, karyera və sosial inteqrasiya imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən müxtəlif layihələrdə fəal iştirak edib. Azərbaycan Evində təşkil olunan ödənişsiz polyak dili kursları, hüquqi maarifləndirmə seminarları, karyera və peşəkar inkişaf təlimləri, eləcə də Hökumə Əliyeva və Zərifə Əliyeva adına təqaüd layihələrinin təşkilindəki fəaliyyətləri bu təşəbbüslərin mühüm hissəsini təşkil edir.
Şamo Qubadov beynəlxalq platformalarda Azərbaycan icmasının təmsil olunması istiqamətində də fəaliyyət göstərib. O, Varşavada keçirilən ATƏT-in İnsan Ölçüsü üzrə konfranslarında (OSCE Human Dimension Conference) iştirak edərək insan hüquqları, vətəndaş cəmiyyətinin rolu, tolerantlıq, ayrı-seçkiliklə mübarizə və diaspor icmaları arasında dialoq mövzularında keçirilən müzakirələrə qatılaraq icmamızın mövqeyini təqdim etmişdir.
Eyni zamanda, müxtəlif beynəlxalq forumlarda, ictimai tədbirlərdə və mədəniyyət layihələrində iştirak edərək Azərbaycan icmasının Polşa ictimai həyatında təmsil olunmasına, yerli təşkilatlarla və digər diaspor icmaları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına töhfə verib.
Wspólnota Azerbejdżańska w Polsce təşkilatının İdarə Heyətinin üzvü kimi Şamo Qubadov təşkilatın fəaliyyətinin planlaşdırılması, layihələrin idarə olunması, ictimai və mədəni tədbirlərin təşkili, tərəfdaş qurumlarla əlaqələrin inkişaf etdirilməsi və Polşadakı Azərbaycan icmasının ehtiyaclarına uyğun yeni təşəbbüslərin hazırlanmasında, xüsusəndə icmamızın media platformalarında strukturlu şəkildə fəaliyyətini qurmuşdur.
Onun fəaliyyəti ayrı-ayrı tədbirlərin təşkili ilə yanaşı, diaspor işinin davamlılığının təmin olunması, gənc nəslin ictimai fəaliyyətə təşviq edilməsi və soydaşlarımız arasında qarşılıqlı dəstək və əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətlərini də əhatə edib.
Polşa Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru kimi Şamo Qubadovun qarşıdakı dövr üçün əsas fəaliyyət prioritetləri sırasında Polşanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin gücləndirilməsi, soydaşlarımızın ortaq layihələr ətrafında birləşdirilməsi, gənclərin diaspor fəaliyyətində iştirakının genişləndirilməsi, Azərbaycan mədəniyyətinin və milli dəyərlərinin təbliği, eləcə də Azərbaycan–Polşa ictimai-mədəni əlaqələrinin inkişafına töhfə verilməsi yer alır.
Yeni koordinator ona göstərilən etimada görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, Polşadakı Azərbaycan icmasının nümayəndələrinə və uzun illər birlikdə fəaliyyət göstərdiyi həmkarlarına təşəkkürünü bildirib. O, yeni vəzifəsini indiyədək görülən işlərin davamı və daha böyük məsuliyyət kimi qiymətləndirərək, diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Wspólnota Azerbejdżańska w Polsce təşkilatı İdarə Heyətinin üzvü Şamo Qubadovu Polşa Azərbaycanlıları Koordinasiya Şurasının yeni koordinatoru seçilməsi münasibətilə təbrik edir, Azərbaycan diasporunun inkişafı, soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi və Azərbaycan–Polşa dostluq münasibətlərinin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayır.
Wspólnota Azerbejdżańska w Polsce





















