Azərbaycan və Polşanın əlillərdən ibarət futbol komandaları görüşüblər

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının komandası Polşada səfərdə olub. Bu günlər ərzində onlar Polşanın əlillərdən ibarət komandası ilə 3 görüş keçirdilər və hər 3 görüşdə məğlub oldular.
Polşa Azərbaycanlıları Şurası bu günlərdə komandamızı tək buraxmayıb. Bu haqda Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli deyib: “Oyun bitdikdən sonra komanda ilə birlikdə Azərbaycan Evinə getdik, orada komanda üçün kiçik hədiyyələrimiz var idi, onları təqdim etdik. Daha sonra Polşada yaşayan iş adamlarımız tərəfindən təşkil olunmuş şam yeməyində iştirak etdik.
Oyundan sonra komanda ilə söhbət eləmək üçün bir az vaxtımız oldu. İlk öncə bildirim ki, Polşanın əlillərdən ibarət yığma komandası çox güclüdür və ötən il dünya 2-cisi olmuşdur. Həmçinin bu komanda artıq 30 ildir mövcuddur. Azərbaycanda isə qeyd etdiyim federasiya 2 ildir ki, fəaliyyətə başlayıb.
Komandamızın əsas üzvləri sonradan, döyüş vaxtı sağlamlığını itirmiş şəxslərdir, yalnız 1 nəfər anadangəlmə əlildir.
Söhbət zamanı məlum oldu ki, futbola daha çox marağı olan əlil dostlarımız var ki, maddi problemlərə görə komandanın təlim məşq toplantılarında iştirak edə bilmirlər. Açığı bu xəbər məni çox məyus elədi. Ümid edirəm ki, növbəti illərdə dövlətimizin dəstəyi ilə bu problemlər aradan qalxar, digər dostlar da komandaya cəlb olunar. 2 illik bir federasiya üçün dünya 2-cisi olmuş və artıq 30 ildir fəaliyyət göstərən bir federasiyanın komandası ilə oynamaq mərhələsinə gəlib çıxmaq da bir uğurdur. Çünki onlar 16 dövlətin komandası ilə oyunlar keçirərək bu görüşə vəsiqə qazanıblar.
Vətənin müdafiəsi uğrunda sağlamlığını itirən komanda üzvlərimiz bu oyunda qələbə qazansalar da qazanmasalar da bizim üçün hər zaman qalibdirlər”.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *