Polşa Respublikasında yaşayan azərbaycanlılar Azərbaycanın haqq səsinə qoşulub. Varşavada Azərbaycana dəstək olaraq mitinq keçirilib. Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli mitinq haqqında məlumat verib: “Vətənimiz Azərbaycan, əziz millətimiz, qüdrətli ordumuz tarixin ən dəyərli qızıl anlarını yaşayır. Bu anlarda Ölkəmizdə və bütün dünyada Azərbaycanlı olaraq xalq birlikdəliyini “Azərbaycan ailə”si kimi bütünləşdirmiş və dünya xalqalarına nümayiş etdiririk. 27 Sentyabr tarixində düşmən tərəfindən sivil insanlarımızın yaşadığı ərazilərə hücum edilməsi nəticəsində, ordumuz əks-hücum əməliyyatına başladı. Nəticədə, Azərbaycan 30 illik həsrəti sona çatdırmağa qərar verdi. Ordumuzun hər uğurunda düşmən daha da azğınlaşdı və Bərdə, Tərtər, Mingəçevir, Gəncə şəhərlərinə terror hücumu etdi. Dinc əhaliyə atılan raketlər nəticəsindəçox sayda insan yaralandı, çox sayda insan həyatını dəyişdi. Şəhidlərimiz var.. Allah onlara rəhmət eləsin!
Polşa Azərbaycanlıları Şurası koordinasiya heyətinin üzvləri ilə bir araya gəldik və bölgələr üzrə toplanıb Varşavada böyük bir mitinqə hazırlaşdıq. Mitinqin keçirilməsi ilə bağlı bütün icazələri almışdıq, lakin son bir gün qalmış bizə zəng edildi və pandemiya səbəbindən təxirə salınmalı olduğunu və yalnız 10 nəfərdən çox olmamaq şərtilə keçirilməsinə icazə verildiyi bildirildi. Yekun qərarı bu şəkildə bildirmiş və sizə mitinqin baş tuta bilməməsinin səbəblərini izah etmişdim.
Gəncədə baş verən son hadisələr orada Gəncəmizi və burada bizi yaraladı, dağıtdı. Buna dözməyərək gecə toplantı verdik. Nə olursa, olsun dedik! Varşavada 7 nəfərlə biz bu nümayişi edib, Azərbaycanın haqq davasına qoşulduq. Bu çıxışlarımızı ənənəvi olaraq icazələrə və qaydalara əməl edərək, digər şəhərlərdə və bölgələrdə koordinatorlarımızla birgə azərbaycanlı soydaşlarımız edəcəklər. Qarabağ Azərbaycandır”.



