





2 fevral 2026-cı il tarixində, Türkiyənin İstanbul şəhərində Gənclər Gününə həsr olunmuş “Azərbaycan Diaspora Gəncləri: Birlik və İnkişaf Forumu” Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir.
Forumun əsas məqsədi müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycanlı diaspora gənclərini bir platformada birləşdirmək, onların fəaliyyətinin koordinasiyasını gücləndirmək, beynəlxalq müstəvidə təmsilçilik imkanlarını artırmaq və institusional əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək olmuşdur.
Tədbirdə 28 ölkəni təmsil edən 29 gənc diaspora fəalı iştirak etmişdir. İki gün davam edən proqram çərçivəsində iştirakçılar diaspora fəaliyyətində gənclərin rolu, ictimai diplomatiya, lobbiçilik alətləri, beynəlxalq kommunikasiya, təşkilatlanma, şəbəkələşmə və layihələrin idarə olunması istiqamətlərində təlim və seminar sessiyalarına qatılmışlar.
Forum çərçivəsində bir sıra mühüm rəsmi görüşlər də keçirilmişdir. Görüşlərdə Azərbaycan–Türkiyə qardaşlıq münasibətləri, diaspora gənclərinin ictimai və mədəni sahələrdə artan rolu, eləcə də gənclərin beynəlxalq platformalarda daha fəal iştirakı məsələləri müzakirə olunmuşdur. Türkiyə tərəfini təmsil edən rəsmi şəxslərlə keçirilən görüşlər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcək birgə təşəbbüslərin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşımışdır.
Forum zamanı Polşa Azərbaycanlıları Şurasının (PAŞ) İdarə Heyətinin üzvü Şamo Qubadov Azərbaycan Diaspor Gəncləri – ADG (Azerbaijani Diaspora Youth) təşkilatının Polşa üzrə koordinatoru seçilmişdir. Bu seçim diaspora gəncləri arasında beynəlxalq koordinasiyanın gücləndirilməsi və ölkələrarası fəaliyyətin daha sistemli şəkildə qurulması baxımından mühüm addım kimi qiymətləndirilir.
Keçirilən forum diaspora gəncləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və gələcək ortaq layihələrin formalaşmasına mühüm töhfə vermişdir. Tədbirin yüksək səviyyədə təşkilinə və səmərəli proqramın həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və Türkiyədə Azərbaycan Dərnəkləri Federasiyasına dərin təşəkkürümüzü bildiririk.



















