23 Oktyabr 2025-ci il tarixində Varşava şəhərində Polşa–Azərbaycan Biznes Forumu keçirilmişdir. Forum Polşa və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Tədbir iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiya layihələrinin təşviqi və yeni biznes imkanlarının müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Forumda Polşada yaşayan azərbaycanlı icmasının diaspor rəhbəri Fərid Cəfərli iştirak etmişdir. Tədbir çərçivəsində təşkil olunan B2B görüşlər zamanı həm Polşa, həm də Azərbaycan şirkətlərinin nümayəndələri ilə səmərəli müzakirələr aparılmışdır. Görüşlərdə iqtisadi əlaqələrin möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın yeni istiqamətləri əsas müzakirə mövzusu olmuşdur.
Forumda həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov, AZPROMO, Polşa İnvestisiya və Ticarət Agentliyi (PAIH) və Alat Azad İqtisadi Zonası (AFEZA) nümayəndələri çıxış etmişlər.
Keçirilən forum Polşa və Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir. 🇦🇿🤝🇵🇱
























