26 fevral 2026-cı il tarixində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Varşava Azərbaycan Evində Polşa Azərbaycanlıları Şurasının İdarə Heyəti üzvü Tuncay Novruzzadə və təşkilat üzvü Amin Məhərrəmzadənin kordinatorluğu ilə anım tədbiri keçirilmişdir. Tədbir çərçivəsində Birinci Qarabağ müharibəsi mövzusunda çəkilmiş “Nabat” bədii filmi xarici qonaqların da iştirakı ilə nümayiş etdirilmişdir.
Tədbirdə Polşada yaşayan azərbaycanlı icma üzvləri ilə yanaşı, polyak və digər xarici qonaqlar iştirak etmiş, Xocalı faciəsi və Qarabağ həqiqətləri barədə məlumatlandırma aparılmışdır. Film nümayişindən əvvəl çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş vermiş hadisələr barədə tarixi faktlar iştirakçıların diqqətinə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, Xocalı faciəsi Azərbaycan tarixinin ən ağır səhifələrindən biridir. Rəsmi məlumatlara əsasən, həmin hadisələr nəticəsində 613 mülki şəxs qətlə yetirilmiş, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər girov götürülmüşdür.
“Nabat” filminin nümayişi Xocalı həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması, xüsusilə də Polşa və Avropa ictimaiyyətinin məlumatlandırılması məqsədi daşıyıb. Filmin təqdimatı zamanı Qarabağ müharibəsinin insan talelərinə təsiri, mülki əhalinin yaşadığı faciələr və müharibənin sosial nəticələri barədə müzakirələr aparılıb.
Tədbirin təşkilində və filmin təqdim olunmasında göstərdikləri texniki və təşkilati dəstəyə görə kinobox.az platformasına dərin təşəkkürümüzü bildiririk.
Polşa Azərbaycanlıları Şurası (PAŞ) bundan sonra da Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması, tarixi yaddaşın qorunması və maarifləndirmə fəaliyyətinin davam etdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərəcəkdir.




























