Avstriyada Xocalı soyqırımına həsr olunan aksiya keçirilib

Polşanın Azərbaycan icması 26 fevral tarixində Avstriyanın paytaxtı Vyana şəhərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar təşkil olunmuş aksiyada iştirak edib. Polşada yaşayan 150 nəfər soydaşımızın aksiyada iştirak etməsi üçün Polşa Azərbaycanlıları Şurası tərəfindən qeydiyyat aparılmış, iştirakçıların nəqliyyat, gecələmə və qidalanma xərcləri qarşılanmışdır.
Polşadakı azərbaycanlıların daha sıx yerləşdiyi şəhərləri nəzərə alaraq, təyinat nöqtəsi olaraq Varşava və Krakov şəhərləri seçilmiş, digər şəhərlərdə yaşayan soydaşlarımız da müvafiq olaraq qeyd olunan şəhərlərə gəlmişlər. Varşava şəhərindən 2, Krakov şəhərindən isə 1 avtobus təşkil olunmuşdur. 69 nəfər Krakov şəhərindən, 81 nəfər isə Varşava şəhərindən aksiyada iştirak etmək üçün 25 fevral tarixində yola düşmüşdür.
“Həmişə olduğu kimi, bu dəfə də Polşada yaşayan soydaşlarımızın aktivliyi hiss olunurdu. Aksiya zamanı əslən Xocalıdan olan və hal-hazırda Polşada yaşayan soydaşımız Ayxan Sadıxovun çıxışı hər birimizi həm kövrəltdi, həm də xalqımızın mərdliyini, qorxmazlığını, mübarizə əzmini göz önünə sərərək qürurlandırdı.
Hər zaman bir olaq, birlik olaq, vətən, millət, dövlət üçün mübarizə aparaq.
Aksiyada iştirak edən, bizimlə birlikdə uzun yol qət edən, təyin olunmuş şəhərlərə aksiyada iştirak etmək üçün yaşadıqları şəhərlərdən 6-7 saatlıq yolu gəlib sonra 9-10 saat da Vyanaya yol qət edən hər kəsə, tədbirdə koordinasiyanın təmin olunmasında bizə kömək edən qrup rəhbərlərinə, Krakov şəhərindəki nümayəndəliyimizə səmimi təşəkkürlərimi çatdırıram”,-deyə Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli saytımıza bildirib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *