Varşava Universitetində “Turkic World & Poland: Democracy, Sovereignty, and Education” mövzusunda beynəlxalq konfrans keçirildi

Bu gün Varşava Universitetində TURKPOL Assosiasiyası və Polşa Azərbaycanlıları Şurasının birgə təşəbbüsü ilə “Turkic World & Poland: Democracy, Sovereignty, and Education” adlı beynəlxalq akademik konfrans təşkil olunmuşdur. Tədbir Türk Dünyası ilə Polşa arasında tarixi əlaqələrin, ortaq dəyərlərin və elmi əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətli platforma olmuşdur.

Konfransın açılışını Türkiyənin Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Rauf Alp Denktaş etmişdir. O, çıxışında Türk Dünyası ilə Polşa arasında mövcud olan tarixi bağların, demokratiya və suverenlik kimi ortaq prinsiplərin beynəlxalq münasibətlər sistemində xüsusi yer tutduğunu vurğulamışdır.

Polşa Azərbaycanlıları Şurasının nümayəndəsi Tuncay Novruzzadə öz çıxışında Azərbaycan Respublikasının demokratik dövlətçilik ənənələri, milli suverenliyin qorunması istiqamətində atılmış mühüm tarixi addımlar və bu dəyərlərin Türk Dünyası daxilində paylaşılmasının strateji əhəmiyyətindən bəhs etmişdir.

Konfrans çərçivəsində 23 Aprel – Türkiyə Cümhuriyyətinin Milli Suverenlik və Uşaqlar Bayramına həsr olunmuş çıxışlar da xüsusi diqqət çəkmişdir. Qeyd olunmuşdur ki, bu əlamətdar tarix Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk tərəfindən uşaqlara ithaf edilən ilk rəsmi bayramdır. Atatürk 23 Apreli həm Türkiyə Böyük Millət Məclisinin yaradılması günü, həm də gələcəyimizin təminatçısı olan uşaqlara həsr olunmuş bayram kimi elan etmişdir.

TURKPOL Assosiasiyası və Polşa Azərbaycanlıları Şurası olaraq belə təşəbbüslərə birgə ev sahibliyi etməkdən məmnunluq duyduğumuzu bildirir, gələcəkdə də akademik və ictimai əməkdaşlığın davamlı şəkildə inkişaf etdiriləcəyinə inandığımızı vurğulayırıq.