Varşavada 28 May – Müstəqillik Günü münasibətilə möhtəşəm konsert proqramı təşkil olundu

28 May – Müstəqillik Günü münasibətilə Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə Varşava şəhərində bayram konserti keçirilmişdir. Azərbaycan xalqının azadlıq və dövlətçilik ənənələrini əks etdirən bu əlamətdar gün münasibətilə təşkil olunan tədbir yüksək coşqu və geniş iştirakçı auditoriyası ilə yadda qalmışdır.

Bayram proqramı çərçivəsində tanınmış müğənni Miri Yusif səhnə almış, gecənin xüsusi qonağı qismində isə məşhur DJ China çıxış etmişdir. Konsert iştirakçılara unudulmaz anlar yaşatmış, milli musiqimizin və müasir səhnə mədəniyyətimizin vəhdətini nümayiş etdirmişdir.

Tədbirin uğurla həyata keçirilməsində göstərdikləri mühüm dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, xüsusilə Komitə sədri cənab Fuad Muradova, eləcə də Polşa Respublikasının Azərbaycandakı Səfirliyinə və səfirliyin Konsulluq şöbəsinin əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, qonaq sənətçilərin vizalarındakı tarixlərlə bağlı yaranmış uyğunsuzluq səbəbindən tədbirin təxirə salınması riski mövcud idi. Lakin Konsulluq şöbəsinin operativ və peşəkar müdaxiləsi nəticəsində məsələ qısa müddətdə həll olunmuş və konsert planlaşdırıldığı tarixdə uğurla baş tutmuşdur.

Polşa Azərbaycanlıları Şurası olaraq bir daha xalqımızı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edir, ölkəmizə davamlı rifah, əmin-amanlıq və tərəqqi arzulayırıq 🇦🇿🤝🇵🇱